logo

"İnterpol"la axtarılan 4 nəfər Rusiyadan Azərbaycana gətirilib

11:33 31-10-2023 | icon 1197
"İnterpol"la axtarılan 4 nəfər Rusiyadan Azərbaycana gətirilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının 4 vətəndaşı - Həbib Kaltayev, Məhərrəm Miriyev, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Həbib Kaltayevin dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə, eləcə də bu məqsədlə keçirilən döyüş təlimlərində iştirak etmə, Məhərrəm Miriyevin xuliqanlıq, Rəşad Tağıyev və Cəmşid Bədirzadənin isə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmələrinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və onlar istintaqdan qaçıb gizləndikləri üçün beynəlxalq axtarışa veriliblər.

Yuxarıda adları göstərilən şəxslər Rusiya Federasiyası ərazisində saxlanılaraq 2023-cü il oktyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.