logo

Azərbaycanda daha bir bank bağlandı

09:58 19-10-2023 | icon 3689
Azərbaycanda daha bir bank bağlandı

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 2023-cü il 18 oktyabr tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

YeniAvropa xəbər verir ki, bu barədə AMB-dən bildirilib.

Qeyd edilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Muğan Bank” ASC-yə müvəqqəti inzibatçının təyin olunması ilə əlaqədar “Muğan Bank” ASC-nin idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib: "“Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir. “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

Bildiririk ki, “Muğan Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcəkdir. “Muğan Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcəkdir. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manat təşkil edir.

Qeyd edək ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9 faizinin əmanətləri kompensasiya olunacaq".

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 2023-cü il 16 may tarixli qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib.Bundan əvəl isə daha 4 bankın- “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-nin lisenziyaları ləğv edilib.