logo

AZAL Bakı-Naxçıvan reysinin sayını gündə 10 dəfəyə çatdırıb

11:55 27-07-2023 | icon 1589
AZAL Bakı-Naxçıvan reysinin sayını gündə 10 dəfəyə çatdırıb

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını əhəmiyyətli dərəcədə artıraraq gündə 10 dəfəyədək çatdırıb.

AZAL-ın mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ehtiyac olduqda aviaşirkət sərnişinlərin tələbatını qarşılamaq üçün əlavə uçuşlar həyata keçirməyə hazırdır.

Uçuşların tezliyinin artırılması sərnişinlərə Azərbaycanın iki şəhəri arasında səfərlərinin planlaşdırılmasında daha çox çeviklik təmin edəcək.

Bundan əlavə, aviaşirkət Bakıdan Naxçıvana və ya əks istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir. Bu, onlara ən əlverişli uçuş vaxtını seçmək imkanı verəcək və mümkün narahatlıqların qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, ilin əvvəlindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşınıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarına təsadüf edir. Belə ki, yayın iki ayı ərzində 1000-dən çox reys yerinə yetirilib və 144 mindən çox sərnişin daşınıb. Bu marşrut üzrə gündə orta hesabla 2700-ə yaxın sərnişinə xidmət göstərilib.