logo

2045-ci ilədək neftə gündəlik tələbat 110 milyon barelə çatacaq

13:53 04-07-2023 | icon 1211
2045-ci ilədək neftə gündəlik tələbat 110 milyon barelə çatacaq

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 20 il sonra qlobal neft tələbinin gündəlik 110 milyon barelə yüksələcəyini, dünyanın enerji tələbatının isə 23 faiz artacağını açıqlayıb.

YeniAvropa  xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə OPEC-in baş katibi Haysam əl-Qays məlumat verib.

Haysam əl-Qays neftdən asılılığın yaxın gələcəkdə də davam edəcəyini bildirib: “Biz 2045-ci ilə qədər qlobal neft tələbinin gündə 110 milyon barelə yüksələcəyini proqnozlaşdırırıq. O vaxta qədər neftin qlobal enerji balansında payı 29 faiz səviyyəsində olacaq”.

Yaşıl enerjiyə qoyulan bütün sərmayələrə baxmayaraq, neftdən asılılığın davam edəcəyinə diqqət çəkən əl-Qays deyib: “2030-cu ilə qədər qlobal inkişafın davam etməsi nəticəsində dünyada yarım milyard insanın şəhərlərə köçəcəyini təxmin edirik. Beləliklə, dünyanın daha çox neftə ehtiyacı olacaq”.

OPEC-in baş katibi bərpaolunan enerji ilə bağlı fikirlərini də bölüşüb. Bərpaolunan enerji mənbələrinin gələcəkdə dünyanın enerji kompleksində daha böyük rol oynayacağını qeyd edən baş katib, OPEC-ə üzv olan bəzi ölkələrin bu sahəyə artıq “əhəmiyyətli investisiyalar yatırdığını” diqqətə çatdırıb.