logo

Azərbaycan ötən ildə mənfəət neft və qaz satışından 11,5 milyard dollar gəlir əldə edib

14:44 25-06-2023 | icon 2387
Azərbaycan ötən ildə mənfəət neft və qaz satışından 11,5 milyard dollar gəlir əldə edib

Mənfəət neftinin və qazın satışından Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə 2022-ci ildə 19 milyard 698,9 milyon manat və ya 11 milyard 587,6 milyon ABŞ dolları məbləğində vəsait daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.

Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər büdcədə nəzərdə tutulana nəzərən (14 milyard 993,4 milyon manat) 131,4 faiz icra olunub.

İl ərzində ARDNF-nin mənfəət neftinin və qazın satışı ilə bağlı gəlirləri 2021-ci il ilə müqayisədə (6 milyard 996,8 ABŞ dolları) 65,6 faiz çox olub. Mənfəət nefti və qazın orta satış qiymətinin büdcədə nəzərdə tutulana nisbətən yüksək olması bu maddə üzrə gəlirlərin artmasına şərait yaradıb. Belə ki, 2022-ci ildə Fondun büdcəsində bir barel neftin satış qiyməti 101,1 ABŞ dolları (xalis mədaxil qiyməti 98,1 ABŞ dolları) təşkil edib və bu da 2021-ci il ilə (68,6 ABŞ dolları) müqayisədə 32,5 ABŞ dolları daha yüksək olub.

Azərbaycan Respublikasında dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2022-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından hasil edilmiş mənfəət neftinin satışından daxil olmuş məbləğ bu gəlir maddəsi üzrə ümumi daxilolmaların təqribən 85,3 faizini (9 milyard 888,8 milyon ABŞ dolları) təşkil edib və “Şahdəniz” yatağından hasil olunan təbii qazın satışından 1 milyard 114,4 milyon ABŞ dolları, kondensatın satışından 328,6 milyon ABŞ dolları və digər yataqlar üzrə 91,4 milyon ABŞ dolları həcmində vəsait daxil olub.