logo

Binəqədi rayonunda beşmərtəbəli binada yanğın olub

16:30 24-10-2022 | icon 6328
Binəqədi rayonunda beşmərtəbəli binada yanğın olub

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonunun Azadlıq prospekti 156 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindəki vətəndaşa məxsus mənzildə baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib.

Əməliyyat şəraitinə uyğun olaraq xüsusi təyinatlı texnikanın – avtonərdivanın tətbiqi ilə yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qısa müddətdə söndürülərək genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində ümumi sahəsi 65 kvadratmetr olan mənzilin mətbəxi və dəhlizinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.