Sərbəst güləş üzrə Azərbaycan millisinin sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
YeniAvropa Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, mundialın sonuncu günlərində sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləri ilə görüş keçirilib. Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü, millinin baş məşqçisi Namiq Abdullayev, baş katibin müavini Orxan Məmmədov, Olimpiya çempionu Toğrul Əsgərov və Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov idmançılara məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıblar. Daha sonra heyət açıqlanıb.
Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) və Aydın Əhmədov (125 kq) Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün C.Əzimov, Ə.Aşırov, Ə.Abakarov və A.Əhmədov yarışa start verəcək. Ayın 16-da Ə.Rzazadə, T.Bayramov və O.Nurməhəmmədov, ertəsi gün isə İ.Bazarqanov, H.Əliyev və M.Məhəmmədov xalça üzərinə çıxacaqlar.