logo

İsveçrədə FIFA və UEFA-nın sabiq prezidentlərinin məhkəməsi başlayıb

15:55 08-06-2022 | icon 3325
İsveçrədə FIFA və UEFA-nın sabiq prezidentlərinin məhkəməsi başlayıb

İsveçrədə Beynəlxalq Futbol Federasiyasının(FIFA) sabiq prezidenti Yozef Blatter və Avropa Futbol Assosiasiyaları İttifaqının(UEFA) sabiq rəhbəri Mişel Platininin məhkəməsi başlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, məsələ ilə bağlı məhkəmə hökmü iyulun 8-də elan olunacaq. Günahları sübuta yetiriləcəyi təqdirdə futbol mütəxəssislərini 5 ilədək həbs cəzası gözləyir.

2021-ci il noyabrın 2-də İsveçrə Federal Prokurorluğu Yozef Blatter və Mişel Platinini FIFA-nın hesabından ikincinin xeyrinə qanunsuz olaraq 2 milyon İsveçrə frankı (təxminən 2,2 milyon dollar) köçürməkdə ittiham edib. Onlar həmçinin dələduzluq, etimaddan sui-istifadə və yarıtmaz idarəetmə ittihamı ilə mühakimə olunurlar.

1998-2002-ci illərdə Mişel Platini FIFA prezidenti Yozef Blatterin məsləhətçisi vəzifəsində çalışıb və bu dövr ərzində illik 300 min İsveçrə frankı məbləğində əmək haqqı alıb. Məsləhətçi kimi fəaliyyət göstərməsindən 8 ildən çox vaxt ötdükdən sonra təşkilatın ona 2 milyon frank borcu olduğunu bəyan edib. 2011-ci ilin əvvəlində Yozef Blatterin köməyi ilə müvafiq ödənişlər həyata keçirilib. Federal prokurorluq tərəfindən toplanmış sübutlar bu ödənişlərin əsassız olması şübhəsini gücləndirib.

Qeyd edək ki, hazırda 86 yaşı tamam olan isveçrəli Yozef Blatter 1998-2015-ci illərdə FIFA-nın rəhbəri vəzifəsində çalışıb. O, 2015-ci ildə Mişel Platininin pul köçürmələri ilə bağlı 8 il futboldan uzaqlaşdırılıb. 2016-cı ilin fevralında FIFA-nın Apelyasiya Komitəsi bu müddəti 6 ilə qədər azaldıb. 2021-ci ildə qurumun İntizam Komitəsi müxtəlif pozuntulara görə Yozef Blatterın cəzasını daha 6 il 8 ay müddətinə uzadıb.

2015-ci ilin sonunda FIFA-nın vitse-prezidenti vəzifəsini icra edən Mişel Platini də eyni iş üzrə 8 il futbol fəaliyyətindən uzaqlaşdırılıb. Sonradan FIFA-nın Apelyasiya Komitəsi 66 yaşlı fransalının cəzasını 6 ilə, İdman Arbitraj Məhkəməsi (CAS) isə 4 ilə endirib.