Qarabağdakı ilk beynəlxalq turnirdə 5 ölkədən 100-dən çox idmançı mübarizə aparacaq
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnir təşkil olunacaq. Belə ki, mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident kuboku-2022” turniri keçiriləcək.
YeniAvropa xəbər verir ki, turnirdən əvvəl – mayın 5-də Mingəçevirdə komandaların rəsmi keçidi baş tutacaq.
Reqatanın açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.
“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.