logo

 Sabah Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları start  götürür

13:31 21-04-2022 | icon 2891
 Sabah Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları start  götürür

Aprelin 22-dən 24-dək gimnastika ictimaiyyətinin diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Belə ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq dünya kuboku yarışlarında bir araya gələcəklər.

YeniAvropa Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi edəcəyi beşinci beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edəcək.

Üç gün davam edəcək yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, turnirdə ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunacaq doqquzuncu dünya kuboku yarışları olacaq. Xatırladaq ki, paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.

Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında bu növ üzrə də yarışları izləmək imkanı əldə edəcəklər. Yarışlarda tamaşaçı qismində iştirak edəcək şəxslər etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədə, COVID-19-a qarşı peyvənd əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatına (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) malik olmalıdırlar.