logo

Bakı küçələri bu gündən "Formula 1 Qran-Prisi" üçün hissə-hissə bağlanır

12:44 15-04-2022 | icon 3927
Bakı küçələri bu gündən "Formula 1 Qran-Prisi" üçün hissə-hissə bağlanır

Bakı şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ölkəmizdə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin əhatə etdiyi ərazilərdə tikinti-quraşdırma işlərinə start verib.

BŞH-dən YeniAvropa-ya bildirilib ki, yarış zamanı vətəndaşların və sürücülərin təhlükəsziliyini təmin etmək məqsədi ilə istifadə olunan beton blokların quraşdırılması gecə saatlarında həyata keçirilir. Tikinti-quraşdırma işləri Xəqani küçəsi və Bülbül prospektinin kəsişməsindən başlayıb və bütün yarış trekini əhatə edəcək.

Ötən ildən fərqli olaraq builki yarış tamaşaçıların iştirakı ilə keçiriləcəyi üçün artıq Bulvar ərazisində tribunaların quraşdırılmasına da başlanılıb.

Bu gündən Paddok ərazisində infrastrukturun quraşdırılması işlərinə də start verilir.

İyunun 10-12-də Bakı şəhər halqasında təşkil olunacaq yarış üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90-160, tribunalara üçgünlük 280-970, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat arasında dəyişir.

Biletləri “28 Mall”, “Gənclik Mall” ticarət mərkəzləri, Heydər Əliyev Sarayının kassası, 4 saylı Bakı “ASAN xidmət” mərkəzi və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzindən əldə etmək mümkündür.