Aprelin 12-də futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin cavab matçlarına start veriləcək.
YeniAvropa xəbər verir ki, bununla da yarımfinalın ilk iki iştirakçısı bəlli olacaq.
Turnirin əsas favoritlərindən olan İspaniyanın "Real Madrid" klubu İngiltərənin "Çelsi" komandasını qəbul edəcək. Londondakı ilk matçda 3:1 hesablı qələbə qazanan "kral klubu" üstünlüyünü qorumağa çalışacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.
Meydan sahiblərinin heyətində Eder Militao cəzalı, Eden Azar və İsko zədəli olduğu, Xesus Valyexo isə koronavirusa yoluxduğu üçün meydana çıxa bilməyəcəklər. Qonaqlardan isə Ben Çiluel, Sesar Aspilikueta və Romelu Lukaku zədə səbəbindən oynamayacaqlar.
Gecənin digər matçında Almaniyanın "Bavariya" klubu doğma meydanda İspaniyanın "Vilyarreal" komandası ilə üz-üzə gələcək. İlk görüşdə 1:0 hesablı qələbə qazanan La Liqa təmsilçisi növbəti dəfə sensasiya etmək arzusundadır. Matçın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.
Münxen təmsilçisindən Niklas Züle, Erik Şupo-Motinq və Korenten Tolisso zədəlidir. Qonaqlardan isə Alberto Moreno eyni səbəbdən oyunu buraxacaq. Bulaye Dianin isə matçda iştirakı sual altındadır.