logo

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub

21:41 03-04-2022 | icon 2555
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Avropa çempionu olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

YeniAvropa  xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 10 güləşçi ilə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Onlar komandaya müvafiq olaraq 25, 20 və 15 xal qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə ediblər.

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə 150 xalla ikinci, Gürcüstan isə 114 xalla üçüncü yeri tutublar. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekorda imza atıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sərbəst güləş millimiz də komanda hesabında Avropa çempionu olmuşdu.