logo

Sərbəst güləş üzrə Azərbaycan millisi üçüncü dəfə Avropa çempionu olub

22:22 30-03-2022 | icon 1610
Sərbəst güləş üzrə Azərbaycan millisi üçüncü dəfə Avropa çempionu olub

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Millimiz qitə birinciliyində tarixi uğura imza atıb.

YeniAvropa  Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar.

Yekunda 159 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub. Azərbaycan ikinci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığmamız 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib olub. Millimiz 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində təşkil olunan analoji yarışlarda da qitə çempionu olub.

Qeyd edək ki, bu, sərbəst güləşçilərin son 1 ayda ikinci uğurudur. Martın 7-13-də Bolqarıstanın Plovdiv şəhərində baş tutan U-23 Avropa çempionatında da müvafiq millimiz komanda hesabında birinci yeri tutmuşdu.