Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində yarımfinala vəsiqə uğrunda almaniyalı Vinsent Kaymerlə qarşılaşıb.
YeniAvropa xəbər verir ki, hər iki qrossmeyster B qrupunu eyni - 3,5 xalla başa vurduğundan qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılıb.
İlk qarşılaşmada ağ fiqurlarla oynayan Məmmədyarov rəqibini məğlub edib. Qara fiqurlarla ikinci dueldən məğlub ayrılan 37 yaşlı şahmatçı növbəti iki oyunda qələbə qazanaraq, adını yarımfinala yazdırıb. Məmmədyarov bu raundda rəqibi ABŞ təmsilçisi Hikaru Nakamuranı sınağa çəkəcək.
Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.