Martın 18-də futbol üzrə UEFA Konfrans Liqasının 2021-2022-ci il mövsümünün 1/4 final mərhələsinin püşkü atılıb.
YeniAvropa xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkün nəticələrinə əsasən, Fransanın “Marsel” komandasının rəqibi Yunanıstanın PAOK klubu olub. İngiltərənin “Lester Siti” komandası 1/4 finalda Niderlandın “PSV Eyndhoven”, Norveçin “Budyo-Qlimt” klubu İtaliyanın “Roma” komandası ilə qarşılaşacaq. “Feyenoord” (Niderland) komandası isə yarımfinala vəsiqə uğrunda Çexiyanın “Slaviya Praqa” komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki,1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq. Final görüşü isə mayın 25-də Albaniyanın paytaxtı Tiranada oynanılacaq.