Martın 9-da "Formula 1 Azərbaycan Qran-Pri"sinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə start verilib. Qeydiyyat prosesi aprelin 14-dək davam edəcək.
Bakı şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,iyunun 10-12-də keçiriləcək "Formula 1 Azərbaycan Qran-Pri"si də daxil olmaqla 2022-ci il üzrə dünya çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management” (FOM) şirkəti tərəfindən həyata keçirilir. Yerli media nümayəndələrinin yarışa qeydiyyatı prosesi BŞH tərəfindən icra olunur.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi akkreditasiya səhifəsinə daxil olaraq, müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.
Yerli jurnalistlərdən ölkə daxilindəki COVID-19 qaydalarına riayət olunması tələb ediləcək. 2022-ci ildəki yarışlara COVID-19 virusuna qarşı iki doza vaksin vurdurmuş və peyvənd sertifikatının etibarlılıq müddəti bitməmiş yerli jurnalistlər akkreditasiyadan keçə biləcəklər. Peyvəndin ikinci dozasının üzərindən altı aydan çox keçmiş media nümayəndələrindən “buster” doza vurdurmaları xahiş edilir. Vaksinasiya ilə bağlı şəxsi məlumatlar artıq akkreditasiya üçün ərizə formasında tələb olunacaq.