Dünya Karate Federasiyası(WKF) Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə başlaması səbəbindən bu ilin oktyabrında Moskvada keçirilməsi planlaşdırılan Karate 1 Premyer Liqa turnirinin yerinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edilib.
YeniAvropa xəbər verir ki, bu barədə WKF-nın rəsmi saytında məlumat yerləşdirilib.
Bildirilib ki, WKF 2022-ci ildə Karate 1 Premyer Liqa turnirlərinin sayını olduğu kimi (5 turnir) saxlamaq niyyətində olduğundan, yarış üçün yeni məkan axtarışına başlayıb.
Məlumatda qeyd edilir ki, Şərqi Avropada və dünyada sülhün və sabitliyin tezliklə bərpasına ümid edən qurum karateçilərin müdafiəsi, eyni zamanda bütün yarışlarda idmançılar üçün ən yaxşı şəraiti təmin etmək üçün əlindən gələni etməyə davam edəcək.
Xatırladaq ki, Moskvadakı turnir oktyabrda 7–9-da keçirilməli idi.