logo

FIDE Rusiyanın Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyini ləğv etdi

15:26 26-02-2022 | icon 3241
FIDE Rusiyanın Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyini ləğv etdi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) nüfuzlu yarışlardan olan 44-cü Ümumdünya Şahmat Olimpiadasının Rusiyada keçirilməməsi ilə bağlı qərar qəbul edib.

 YeniAvropa xəbər verir ki, bu barədə FIDE-nin saytında məlumat yerləşdirilib. Bildirilib ki, sürətlə gərginləşən geosiyasi vəziyyətlə əlaqədar FIDE Şurasının belə bir qərar qəbul etməli olub. Qurumun növbədənkənar iclasında planlaşdırılan bütün rəsmi yarışlara ev sahibliyinin Rusiyadan alınması qərara alınıb. Beləliklə, bu qərardan sonra əsas tədbirlərdən olan 44-cü Şahmat Olimpiadası, Xantı-Mansiyskdə keçiriləcək əlilliyi olan insanlar üçün birinci Şahmat Olimpiadası və FIDE-nin 93-cü konqresi Rusiyada təşkil edilməyəcək. FIDE bu tədbirlər üçün alternativ tarix və yerlərin axtarışı üzərində işlədiyini elan edib.

Qeyd edək ki, Olimpiadanın iyulun 26-dan avqustun 8-dək Moskvada keçirilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə keçirilib.