Martın 4-dən 13-dək Pekində və yaxınlıqdakı Canciakou şəhərində keçiriləcək Qış Paralimpiya Oyunlarında 48 ölkə təmsil olunacaq.
YeniAvropa təşkilat komitəsinə istinadla xəbər verir ki, paralimpiyaçılar idmanın altı növündə 78 dəst medal uğrunda mübarizə aparacaqlar. Fevralın 4-20-də keçirilmiş 24-cü Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların və “Olimpiya kəndləri”nin Paralimpiya Oyunlarında istifadəsi üçün hazırda müvafiq keçid işləri aparılır. Qış Paralimpiya Oyunlarının açılış mərasimi Qış Olimpiya Oyunlarında olduğu kimi, Pekindəki məşhur “Quş yuvası” stadionunda təşkil ediləcək.
Qeyd edək ki, Azərbaycan Paralimpiya tarixində ilk dəfə Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında təmsil olunacaq. Milli Paralimpiya komandamızın üzvü Mehman Ramazanzadə kross-kantri növünün sprint kateqoriyasında çıxış edəcək. İdmançımız martın 9-da mübarizəyə qoşulacaq.