Fevralın 24-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Fransanın “Marsel” komandası ilə qarşılaşıb.
YeniAvropa xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matç qonaqların 3:0 hesabı ilə qalib gəliblər. Oyunda hesabı matçın 12-ci dəqiqəsində “Marsel”in heyətində Pap Quye açıb. Qarşılaşmanın 34-cü dəqiqəsində “Qarabağ” klubu fərqlənməyə imkan tapsa da, top İbrahim Vadjinin əlinə dəyib tora daxil olduğuna qol qeydə alınmayıb.
Görüşün ikinci hissəsində Ağdam təmsilçiləri bir neçə dəfə təhlükəli hücumlar etsələr də, fərqlənə bilməyiblər. “Qarabağ” futbolçularını əks-hücumda yaxalayan qonaqlar isə matçın 77-ci dəqiqəsində Matteo Qenduzinin qolu ilə hesab arasındakı fərqi artırıblar. Görüşün sonunda - 90+2-ci dəqiqədə “Marsel”in heyətində De La Fuenten oyunda son nöqtəni qoyub – 0:3.
İlk oyunda 1:3 hesabı ilə məğlub olan ağdamlılar iki oyunun cəminə görə 1:6 hesabı ilə uduzaraq UEFA Konfrans Liqasında mübarizəsini dayandırıblar.