Fevralın 24-də Ağdamın “Qarabağ” klubu futbol üzrə UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.
YeniAvropa xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Fransanın “Marsel” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq. Matçın baş hakimi polşalı Bartoş Frankovski olacaq.
Marseldəki ilk oyunda rəqibinə 1:3 hesabı ilə uduzan Ağdam klubu mərhələni keçmək üçün ən azı üç top fərqi ilə qalib gəlməlidir. Səfər qolu qaydası ləğv olunduğundan, iki matçın nəticəsinə əsasən, qeydə alına biləcək mümkün heç-heçə qarşılaşmanın əlavə vaxta və 11 metrlik cərimə zərbələri seriyasınadək uzanmasına səbəb olacaq.
“Qarabağ”ın heyətində Xayme Romero və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən meydana çıxa bilməyəcəklər. Qonaqların heyətində isə itki yoxdur.
Bu oyun “köhlən atlar” üçün bir sıra göstəricilər baxımından əlamətdar olacaq. Bu, Azərbaycan təmsilçilərinin UEFA Konfrans Liqasında 20-ci görüşü kimi tarixə düşəcək. “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir həmyerlilərinə qarşı matçda meydana çıxsa, bu, fransalı futbolçunun avrokuboklardakı 50-ci oyunu olacaq. Həmçinin ağdamlılar bu qarşılaşmada fərqlənərsə beynəlxalq arenada 150-ci qolunu vura bilərlər.