Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilir.
YeniAvropa xəbər verir ki, gecənin ən maraqlı matçı Fransada “Paris Sen-Jermen” və İspaniyanın “Real Madrid” klubları arasında olacaq. “Park-de-Prens” stadionunda oynanılacaq görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edəcək.
Meydan sahiblərinin heyətində zədəli Serxio Ramos sabiq klubuna qarşı oynamayacaq. Ander Erreranın isə meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir. "Kral klubu"nda isə Kərim Benzemanın həmyerlilərinə qarşı matçda forma geyinib-geyinməyəcəyi sual altındadır.
Gecənin digər oyununda İngiltərənin "Mançester Siti" klubu Portuqaliyada "Sportinq"in qonağı olacaq. Görüşün baş hakimi serbiyalı Srcan Yovanoviç olacaq.
Lissabon təmsilçisindən Pedru Qonsalveşin, “şəhərlilər”dən isə Cek Qriliş, Koul Palmyer və Qabriel Jezusun oynayıb-oynamayacağı bəlli deyil. Qonaqlarda Kayl Uoker isə cəza səbəbindən matçı buraxacaq.
İlk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, səkkizdəbir final mərhələsinin digər oyunları fevralın 16-da, 22-də və 23-də baş tutacaq.