logo

Milli Paralimpiya Komitəsinin yaradılmasından 26 il ötür

20:20 09-02-2022 | icon 2646
Milli Paralimpiya Komitəsinin yaradılmasından 26 il ötür

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaradılmasından 26 il ötür. Komitə bu müddətdə əlilliyi olan minlərlə şəxsi sıralarında birləşdirərək idman vasitəsilə və digər sosial layihələr həyata keçirərək onların cəmiyyətə inteqrasiyasına dəstək verib.

YeniAvropa xəbər verir ki, 1996-cı il fevralın 9-da keçirilən təsis konfransında Azərbaycan Milli Paralimpiya Komitəsi yaradılıb, elə həmin il ölkəmiz ilk dəfə Atlanta X Yay Paralimpiya Oyunlarında idmanın iki növü üzrə iki idmançı ilə təmsil olunub.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ölkə başçısı seçildikdən sonra Azərbaycan idmanının, o cümlədən Paralimpiya hərəkatının inkişafında misli görülməmiş nailiyyətlərin əsası qoyuldu. Hər zaman dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunan paralimpiyaçılarımız ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edərək üçrəngli bayrağımızı zirvələrə ucaldıblar.

Komitənin idmançıları 7 Yay Paralimpiya oyunlarında iştirak edib, 23 qızıl, 19 gümüş və 15 bürünc olmaqla ümumilikdə 57 medal qazanıblar. Sonuncu “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında Azərbaycan ilk onluğa daxil olaraq tarixi nəticəyə imza atıb.