Pekin Olimpiadasında 3 min metr məsafə üzrə yarışan almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarında ən çox iştirak edən idmançı kimi yaponiyalı Noriaki Kasainin rekordunu təkrarlayıb.
YeniAvropa xəbər verir ki, Pekin Olimpiadası 49 yaşlı K.Pexştayn üçün karyerasında səkkizinci olub. O, bu göstəriciyə görə, 1992-ci ildən 2018-ci ilədək ardıcıl səkkiz Olimpiya Oyunlarında xizəklə tramplindən tullanma yarışlarında mübarizə aparmış yaponiyalı N.Kasainin rekordunu təkrarlayıb.
Pexştayn eyni zamanda, 48 yaşında 2002-ci il Olimpiadasında iştirak edən ABŞ təmsilçisi Anna Abernatinin rekordunu geridə qoyaraq Qış Olimpiya Oyunlarının ən yaşlı iştirakçısı olub.
Azərbaycan Qış Olimpiadasında iki idmançı ilə təmsil olunur. Bunlar fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabovadır. V.Litvintsev fevralın 8-də və 10-da buz üzərinə çıxacaq. Y.Ryabova isə fevralın 15-də və 17-də bacarığını nümayiş etdirəcək.
“Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 2800-dən çox idmançı mübarizə aparır. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda qüvvələrini sınayırlar.