Bu dəqiqələrdə dünya idman ictimaiyyətinin diqqəti Pekinə yönəlib.
YeniAvropa xəbər verir ki, Çinin paytaxtındakı məşhur “Quş yuvası” stadionunda “Pekin-2022” XXIV Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.
Açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə yanaşı, bir neçə ölkənin dövlət və hökumət başçıları, rəsmi şəxslər, BMT-nin baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Abdulla Şahid, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirak edirlər. Azərbaycanı mərasimdə baş nazirin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Qeyd edək ki, açılış mərasimi 1 saat 40 dəqiqə davam edəcək. Mərasim üçün xüsusi şou hazırlanıb. Həmin şouya əksəriyyəti yeniyetmələr olmaqla 3 minə yaxın adam cəlb olunub.
Azərbaycanı Pekin Olimpiadasında Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.