Çinli fiqurlu konkisürənlərdən ibarət duet Suy Ventszin və Han Tsun “Pekin-2022”də komandaların yarışında dünya rekorduna imza atıb.
YeniAvropa xəbər verir ki, çinli cütlüyün qısa proqramda çıxışı 82,83 xalla qiymətləndirilib.
Əvvəlki dünya rekordu rusiyalı Anastasiya Mişina - Aleksandr Qallyamova duetinə məxsus olub. Onlar yanvarın 12-16-da Estoniyada keçirilən Avropa çempionatında hakimlərdən 82,36 xal alıblar. Bu cütlük “Pekin-2022”də isə 82,64 xalla ikinci olub.
Çinli cütlük 2018-ci il Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb. Duetin hesabında dünya çempionatının iki qızıl və 3 gümüş medalı var.
Qeyd edək ki, Pekin-2022-nin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Oyunlar fevralın 20-də başa çatacaq. Azərbaycanı fiqurlu konkisürənlər Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər.