Güləşməyə böyük həvəsim var. Bütün potensialımı ortaya qoymalıyam. “Tokio-2020” Yay Olimpiya Oyunlarından qayıtdıqdan sonra karyeramı davam etdirmək barədə qərar verdim.
YeniAvropa xəbər verir ki, bunu güləşçimiz Mariya Stadnik Dünya Güləş Birliyinin (UWW) saytına müsahibəsində deyib.
Güləşçi müsahibəsində bildirib ki, bütün yaxınları və dostları ona çox inanırlar: “Oğlum güləşlə məşğul olmağımı istəyir, çünki çox güclü olduğumu deyir. Çox istərdim, beşinci Olimpiya medalımı qazanım. Hər bir Olimpiya medalının mənim həyatımda öz yeri və mənası var. Hər biri keçilən uzun yolun və əziyyətin bəhrəsidir.
İldə 4-5 turnirdə iştirak etmək mənim üçün çox rahatdır. Paris Olimpiadasına hazırlıq zamanı yeganə problemim bədənimin məşqlərə necə təsir göstərməsi ola bilər. Həmin enerjini düzgün istifadə etmək üçün mənim təcrübəm böyükdür. Ümid edirəm ki, bunun öhdəsindən gələ biləcəyəm”, - deyə M.Stadnik müsahibəsində qeyd edib.
UWW materialda M.Stadnikin “Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanacağı təqdirdə, qadın güləşi tarixində yeni rekorda imza atacağını açıqlayıb. Belə ki, hazırda Olimpiya Oyunlarında qızıl medal qazanan ən yaşlı qadın güləşçisi adı yaponiyalı Kaori İçoya məxsusdur. Güləşçi 2016-cı ildə Rioda təşkil olunan Olimpiadada qızıl medal qazananda 32 yaş, 2 aylığında olub. M.Stadnik isə “Paris-2024”də çıxış edəcəyi zaman 35 yaş, 8 aylığında olacaq.