Yanvarın 11-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Azərbaycan milli komandasının sabiq qapıçısı Kamran Ağayev ilə görüşüb.
YeniAvropa AFFA-nın saytına istinadla xəbər verir ki, E.Məmmədov futbolçu karyerasını başa vuran K.Ağayevə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
AFFA-nın təklifi ilə K.Ağayev qapıçı məşqçiləri üçün təşkil olunan müxtəlif kurslarda iştirak edəcək, milli komandalarda qapıçı məşqçisi kimi fəaliyyət göstərəcək.
Görüşdə AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və texniki departamentin rəhbəri Cahangir Həsənzadə də iştirak ediblər.
Qeyd edək ki, K.Ağayev karyerası ərzində Türkiyə, Portuqaliya, Çexiya klublarında çıxış edib. O, Azərbaycan milli komandasının heyətində 79 oyun keçirib.