logo

İdmançılarımız ötən il beynəlxalq yarışlarda 519 medal qazanıblar

14:15 05-01-2022 | icon 4557
İdmançılarımız ötən il beynəlxalq yarışlarda 519 medal qazanıblar

Azərbaycanda 2021-ci ildə keçirilmiş beynəlxalq idman yarışlarının sayı açıqlanıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, ötən il Bakı şəhəri ümumilikdə 15 yarışa ev sahibliyi edib.

Onların arasında ən diqqət çəkənləri cüdo üzrə "Böyük Dəbilqə", aerobika və batut gimnastikası üzrə dünya çempionatları, 28-ci Dünya Yaş Qrupları Yarışları, şahmat üzrə Vüqar Həşimov Memorialı, "Formula-1" üzrə Azərbaycan "Qran-pri"si, paracüdo üzrə "Qran-pri" yarışları olub.

İl ərzində müxtəlif növlər üzrə yığma komandalar 92 təlim-məşq toplanışına cəlb olunublar. Millilər ümumilikdə 182 beynəlxalq yarışa qatılıblar.

Bundan əlavə, pandemiya qaydalarına riayət etməklə, Bakıda və ölkənin müxtəlif şəhər və rayonlarında 57 respublika miqyaslı idman yarışı təşkil edilib.

Qeyd edək ki, Azərbaycan idmançıları il ərzində qitə və dünya çempionatları, kubok yarışları, Qran-pri və digər nüfuzlu beynəlxalq turnirlərdə ümumilikdə 519 medal qazanıblar. Onlardan 227-si (62 qızıl, 62 gümüş, 103 bürünc) olimpiya, 292-si qeyri-olimpiya (117 qızıl, 85 gümüş, 90 bürünc) növlərinin payına düşür.