Qazaxıstan parlamentinin yuxarı palatası - Senat ölüm hökmünün ləğvi ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər haqqında qanunu qəbul edib.
YeniAvropa Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, dəyişikliklərdə ölüm cəzasının Cinayət Məcəlləsinin bütün maddələrindən çıxarılması təklif olunur.
Qanunvericiliyə edilən düzəlişlər BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının ölüm cəzasının ləğvinə yönəlmiş ikinci fakültativ protokoluna uyğun hazırlanıb. Qazaxıstan bu protokolu 2021-ci ilin yanvarında ratifikasiya edib. Cinayət Məcəlləsində ən ağır cəza ömürlük həbs olacaq.
Senat tərəfindən qəbul edildikdən sonra ölüm hökmünün ləğvi ilə bağlı qanun Qazaxıstan prezidentinin imzalamasından sonra qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda respublikada ölüm hökmünə moratorium qoyulub. 2003-cü il dekabrın 17-də Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölüm hökmünün ləğvi ilə bağlı qərarın qəbuluna qədər cəzaların icrasına qeyri-müəyyən moratoriumun tətbiq olunduğunu elan edib. Fərman 2004-cü il yanvarın 1-dən qüvvəyə minib.