Bu il hamımız üçün əlamətdardır. Belə ki, komandamız azad edilmiş ərazilərimizin təmsilçisi kimi meydana çıxdı. “Qarabağ” ardıcıl səkkizinci dəfə avrokuboklarda oynamaqla Avropada ilk “18-lik”də yer alıb və bu göstəriciyə görə bəzi nəhəng klubları geridə qoyub.
YeniAvropa xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2021” layihəsi üzrə mükafatlandırma mərasimində deyib.
Komandanın qazandığı bu uğurda payı olan Qurban Qurbanova və Rəşad Sadıqova təşəkkür edən T.Gözəl bildirib: “Rəşad klubumuzda çox zəhmət çəkib. Bütün mükafat qazananları təbrik edirəm. Zəfərin memarı, “Qarabağ”ın ən böyük dəstəkçisi Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu gün Prezidentlə görüşdə avrokuboklarda klubumuza qarşı edilən ədalətsizliklərdən danışdıq”.
Xatırladaq ki, dekabrın 13-də prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib. Görüşdən sonra dövlətimizin başçısı “Qarabağ” futbol klubuna 5 milyon manat məbləğində maliyyə dəstəyi göstərilməsi ilə bağlı Sərəncam imzalayıb.