logo

Sabah Dubayda şahmat tacı uğrunda dünya çempionatına start veriləcək

13:53 25-11-2021 | icon 2870
Sabah Dubayda şahmat tacı uğrunda dünya çempionatına start veriləcək

Noyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat tacı uğrunda dünya çempionatına start veriləcək.

YeniAvropa xəbər verir ki, şahmat tacının hazırkı sahibi norveçli Maqnus Karlsen yarışda Rusiya təmsilçisi Yan Nepomnyaşi ilə mübarizə aparacaq. Yarış 14 matçdan ibarət olacaq. Hesab bərabər olarsa iştirakçılar tay-breykdə oynayacaqlar. Turnir dekabrın 14-dək davam edəcək.

Y.Nepomnyaşi bu il Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirinin qalibi olmaqla şahmat tacı uğrunda dünya çempionatına vəsiqə qazanıb.

Qeyd edək ki, 2019-cu ildə keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Azərbaycan təmsilçisi Teymur Rəcəbovun bu nüfuzlu yarışda iştirakı alınmayıb. Belə ki, şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Xatırladaq ki, Maqnus Karlsen 2013-cü ildə Hindistan təmsilçisi Vişvanatan Anand üzərində qələbə qazanaraq dünya şahmat tacına sahib olub. O, 2014-cü ildə Rusiyanın Soçi şəhərində V.Anand, 2016-cı ildə ABŞ-ın Nyu-York şəhərində rusiyalı Sergey Karyakin və iki il sonra isə Böyük Britaniyada ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edərək titulunu qoruyub.

Hazırda Maqnus Karlsen (2855) dünya reytinq cədvəlinə başçılıq edir, Yan Nepomnyaşi (2782) isə beşinci pillədə qərarlaşıb.