logo

"DÇ-2022":Bu gün Qətərə birbaşa vəsiqə qazanacaq komandalar bəlli olacaq

09:19 16-11-2021 | icon 3157
"DÇ-2022":Bu gün Qətərə birbaşa vəsiqə qazanacaq komandalar bəlli olacaq

Bu gün 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulacaq.

 YeniAvropa xəbər verir ki,  X turun son oyun günündə D, E, və G qruplarında ümumilikdə 7 görüş baş tutacaq. Bununla da Avropadan "DÇ-2022"nin final mərhələsinə və "pley-off"a vəsiqə qazanan son komandalar bəlli olacaq.

D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Didye Deşamın baş məşqçi olduğu komanda mundiala vəsiqəni təmin etdiyindən qarşılaşma qonaqlar üçün elə də önəm daşımır. Meydan sahibləri isə "pley-off"a çıxmaq üçün evdə ən azından uduzmamalıdır. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.

E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşacaq. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gələcək. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.

Gecənin ən maraqlı oyunları G qrupunda olacaq. 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkəcək. Digər önəmli matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq. Vacib oyunlar öncəsi "narıncılar"ın dünya çempionatına birbaşa vəsiqə qazanmaq şansı daha böyükdür. Lui Van Qalın baş məşqçi olduğu komanda heç-heçə sayəsində də bunu bacara bilər. 18 xala malik Türkiyə və Norveçin də qrupu birinci pillədə bitirmək şansları var. Bunun üçün hər iki kollektiv meydanı qələbə ilə tərk etməlidir. Bundan sonra isə komandalar arasında top fərqinə baxılacaq.

DÇ-2022, seçmə mərhələ
X tur
16 noyabr

D qrupu

23:45. Finlandiya - Fransa

23:45. Bosniya və Herseqovina - Ukrayna

Xal durumu: Fransa - 15 (7 oyuna), Finlandiya - 11 (7), Ukrayna - 9 (7), Bosniya və Herseqovina - 7 (7), Qazaxıstan - 3 (8)

E qrupu

23:45. Uels - Belçika

23:45. Çexiya - Estoniya

Xal durumu: Belçika - 19 (7 oyuna), Uels - 14 (7), Çexiya - 11 (7), Estoniya - 4 (7), Belarus - 3 (8).

G qrupu

23:45. Cəbəllütariq - Latviya

23:45. Monteneqro - Türkiyə

23:45. Niderland - Norveç

Xal durumu: Niderland - 20, Türkiyə - 18, Norveç - 18, Monteneqro - 12, Latviya - 6, Cəbəllütariq - 0.

 

Qeyd edək ki, X tur çərçivəsində ötən gün keçirilən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

C qrupu

Şimali İrlandiya – İtaliya - 0:0;

İsveçrə - Bolqarıstan - 4:0.

Xal durumu: İsveçrə 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3.

F qrupu

İsrail - Farer adaları - 3:2;

Şotlandiya – Danimarka - 2:0;

Avstriya – Moldova - 4:1.

Xal durumu:  Danimarka 27, Şotlandiya 23, İsrail - 16, Avstriya - 16, Farer adaları - 4, Moldova - 1.

I qrupu

San-Marino - İngiltərə - 0:10;

Albaniya – Andorra - 1:0;

Polşa – Macarıstan - 1:2.

Xal durumu: İngiltərə 26, Polşa 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San Marino - 0.

 

Xatırladaq ki, X turun tam olmayan nəticələrinə görə, Avropa zonasından hələlik  Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları "DÇ-2022"nin finaslına birbaşa vəsiqə qazanıblar. "Pley-off" mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.