Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə İstanbulun Taksim Meydanında inşa edilən Atatürk Mədəniyyət Mərkəzi açılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkənin dövlət rəsmiləri, bir sıra ölkələrin nazirləri və rəsmi şəxsləri iştirak ediblər.
Mərasimdə ölkəmiz Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.
Tədbirdə çıxış edən Türkiyə prezidenti Respublika Günü münasibətilə iştirakçılara təbriklərini çatdırıb, başda türk xalqının ümummilli lideri Mustafa Kamal Atatürk olmaqla, ölkənin yaranmasında əməyi keçən hər kəsi ehtiramla yad edib. Rəcəb Tayyib Ərdoğan qısa müddət ərzində inşa edilən mərkəzi yeni Türkiyənin ən gözəl nümunələrindən biri kimi qiymətləndirib. O, İstanbulun tarixi memarlığına uyğun tikilən binanın ölkənin daha da böyüməsi və güclənməsi yolunda mədəniyyət sahəsində atılacaq addımlar baxımından əhəmiyyətli rol oynayacağını vurğulayıb.
İstanbulun rəmzlərindən birinə çevrilən Atatürk Mədəniyyət Mərkəzində ilk nümayiş etdirilən səhnə əsəri “Memar Sinan” operası olub.
2018-ci ildə sökülüb, 2019-cu il fevralın 10-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməli qoyulan mərkəz yeni layihə ilə 30 min kvadratmetrlik ərazidə tikilib.
Yeni binanın memarı bundan əvvəlki Atatürk Mədəniyyət Mərkəzinin memarı olan Murat Tabanlıoğlunun oğlu Hayati Tabanlıoğludur.