UEFA Konfrans Liqasının 3-cü turunun bu gün keçiriləcək “Qarabağ” – “Kayrat” oyununa bütün biletlər satılıb.
YeniAvropa xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.
O deyib ki, oyuna marağın boyük olduğunu nəzərə alaraq klub daha 214 bileti satışa çıxarıb:
“Əslində 28-ci sektor üçün nəzərdə tutulan bu biletlər yalnız qonaq komandanın azarkeşlərinə ayrılmışdı. Lakin bu dəqiqəyə qədər qarşı tərəfdən bizə bununla bağlı müraciət olmadığından və UEFA-nın da razılığı ilə qazaxıstanlı azarkeşlər üçün ayrılan biletləri də bu dəqiqədən etibar “Qarabağ” azarkeşləri kassalardan əldə edə bilərlər”.
Qeyd edək ki, bu sektor üçün bir biletin qiyməti 3 manat təşkil edir.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər (15 minə yaxın) azarkeş tribunalara buraxılacaq.