Ərdoğan:Türkiyə pilotsuz döyüş təyyarələri texnologiyası üzrə lider olmaq niyyətindədir
"Türkiyəni pilotsuz döyüş təyyarələri texnologiyası üzrə qabaqcıl ölkə etmək niyyətindəyik”.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 29-da Tekirdağ vilayətində təşkil olunan Hücum Pilotsuz Uçuş Aparatlarının (TİHA) rəsmi təqdimat mərasimində çıxışı zamanı səsləndirib.
Mərasimdə çıxış edən R.T.Ərdoğan Türkiyənin bu texnologiya üzrə dünyanın ən qabaqcıl üç ölkəsindən biri olduğunu vurğulayıb. “Müdafiə sənayesi üzrə yerli istehsalın qısa müddət ərzində 20 faizdən 80 faizə çatdırılması Türkiyə tarixinin ən böyük uğurlarından biridir. “Bayraktar TB2”lərimizi Ukrayna, Qətər və Azərbaycana ixrac etdik. Yeni ixrac müqavilələri bağlanır”,-deyə Ərdoğan sözlərinə əlavə edib.
Qeyd edək ki, Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla hazırlanan “Bayraktar Akıncı TİHA” rəsmi heyətin iştirakı ilə keçirilən mərasimdə ümumilikdə 1360 kiloqram faydalı yüklə 13 saat 24 dəqiqə uçuş həyata keçirib.