Kabil İŞİD terror qruplaşması və Əfqanıstanı öz nəzarəti altına almış “Taliban” hərəkatı arasında döyüş meydanına çevrilə bilər.
YeniAvropa xəbər verir ki, bu ehtimalı "Messaggero" qəzetinə müsahibəsində NATO-nun nümayəndəsi, Əfqanıstandan insanların təxliyəsi üzrə mülki əməliyyatların kordinatoru Stefano Pontekorvo səsləndirib.
Onun fikrincə, Kabil aeroportundakı terror aktları hələlik epizodik xarakter daşıyır. “Yaxın vaxtlarda Kabil İŞİD ilə taliblər arasında döyüş meydanı ola bilər”, - diplomat belə deyib. Bununla yanaşı, o qeyd edib ki, hazırkı mərhələdə hər hansı idarəetmə strukturu olmadığından “Taliban” İŞİD-i dayandırmaq iqtidarında deyil. “Taliblər strukturu bərpa etmək istəyirlər, lakin buna vaxt lazımdır. Eləcə də onların ərazilər üzərində tam və qəti nəzarəti, həmçinin yetərincə adamı yoxdur”, - deyə NATO nümayəndəsi bildirib.
Xatırladaq ki, dünən Kabil aeroportu yaxınlığında törədilmiş terror aktlarının məsuliyyətini İŞİD üzərinə götürüb. Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, partlayışlar nəticəsində 100-dən çox insan həlak olub, mindən çox insan isə yaralanıb.