"Krım Platforması" Rusiyanın əleyhinə olan qeyri-dost bir tədbirdir.
YeniAvropa xəbər verir ki, bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Krım Platforması"na münasibət bildirərkən "RİA Novosti”yə müsahibəsində səsləndirib.
"Bunu Rusiyanın əleyhinə təşəbbüs və ölkəmizə münasibətdə son dərəcə qeyri-dost bir tədbir hesab edirik. Rusiyanın bir bölgəsi-Krımla əlaqədar belə bəyanatları qəti şəkildə qəbul etmirik",- deyə Peskov vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski forumun başlamasını "yarımadanın qayıtması üçün geri sayımın başlanğıcı" adlandırıb.
"Krım Platforması" sammiti Kiyevdə keçirilir. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, 44 ölkə və beynəlxalq təşkilat sözügedən tədbirdə iştirakını təsdiqləyib.
Öz növbəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov forumu "Qərbin müasir Ukrayna hökumətinin neo-nasist, irqçi hisslərini alovlandırmağa davam edəcək" tədbir adlandırıb.