Əfqanıstan prezidenti Əşrəf Qaninin doğma qardaşı Haşmat Qani Əhmədzay ölkədə hakimiyyəti zəbt etmiş “Taliban” hərəkatına qoşulub.
YeniAvropa xəbər verir ki, bu barədə “Əfqanıstan İslam Əmirliyi”nin sosial şəbəkədə yerləşdirilmiş məlumatında deyilir. Bəyanata əlavə edilmiş fotoşəkildə Haşmat Qaninin Taliban nümayəndələrinin əlini sıxdığı əks olunub.
Əşrəf Qaninin altmış yaşlı qardaşı 2002-ci ildən Böyük Kuçi Şurasının sədridir (kuçi Əfqanıstanda puştunlara yaxın etnik icmadır). Bununla yanaşı, o, özəl və dövlət müştərilərinə təhlükəsizlik xidməti göstərən, habelə idxal-ixrac, tikinti və daşınmaz əmlak məsələləri ilə məşğul olan "The Ghani Group" şirkətinə rəhbərlik edir. Şirkətin mənzil-qərargahı Kabildə yerləşir.
Xatırladaq ki, avqustun 15-də “Taliban” hərəkatının döyüşçüləri paytaxt Kabilə daxil olaraq şəhəri tam nəzarətə götürüb. Prezident Əşrəf Qani həmin gün ölkəni tərk edib. Onun Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilir.