Avqustun 15-də Əfqanıstanı tərk edən prezident Əşrəf Qani ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərindədir.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi məlumat yayıb. “BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi təsdiqləyə bilər ki, BƏƏ Əşrəf Qanini və onun ailəsini humanitar əsasda ölkəyə qəbul edib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, avqustun 15-də səhər “Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın hökumət qüvvələrinin əlində qalan yeganə iri şəhəri – Kabili mühasirəyə alıb. Axşam saatlarında taliblər paytaxt Kabilə döyüşsüz daxil olaraq onu tam nəzarətə götürüb. Prezident Əşrəf Qani həmin gün ölkəni tərk edib. O, bunu qan tökülməməsi üçün etdiyini deyib.
Avqustun 16-da “Taliban” hərəkatının siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib ki, Əfqanıstanda müharibə başa çatıb, dövləti idarəetmə forması isə yaxın zamanlarda bəlli olacaq.