Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 647 mindən çox olub.
YeniAvropa pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 647 min 79 nəfər yeni koronavirusa yoluxub, 9 min 935 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 209 milyon 341 min 282, ölənlər isə 4 milyon 393 min 507 nəfərə çatıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (37,8 milyon), Hindistan (32,2 milyon), Braziliya (20,4 milyon), Rusiya (6,6 milyon), Fransa (6,5 milyon), Böyük Britaniya (6,3 milyon) və Türkiyədə (6,1 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.