logo

“Taliban” Əfqanıstan paytaxtını mühasirəyə aldı

15:15 15-08-2021 | icon 2534
“Taliban” Əfqanıstan paytaxtını mühasirəyə aldı

“Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanın paytaxtı Kabilin ətraf rayonlarına girib.

YeniAvropa "Reuters" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, “Taliban” hərəkatının silahlı dəstələri paytaxtı hər tərəfdən mühasirəyə alıb. Şəhər ətrafında atışma səsləri eşidilir. Artıq şəhərin qərb hissəsində yerləşən Kabil universiteti taliblərin nəzarətinə keçib.

Hərəkatın rəsmi nümayəndəsi Zabiullah Mücahidin sözlərinə görə, taliblərə Kabilin mərkəzinə hücum etməmək əmr olunub. Hazırda “Taliban” hərəkatı şəhərə döyüşsüz girmək imkanları barədə hakimiyyət nümayəndələri ilə danışıqlar aparır.

Qeyd edək ki, “Taliban” hərəkatı hazırda 20-dən çox əyalət mərkəzinə nəzarəti ələ keçirə bilib. Son hücumlar nəticəsində Özbəkistanla sərhəddə yerləşən Bəlx əyalətinin administrativ mərkəzi və ölkənin şimalında yerləşən ən iri yaşayış məntəqəsi - Məzari-Şərif və Pakistanla sərhəddə yerləşən Nanqarhar əyalətinin mərkəzi – Cəlalabad şəhərləri də taliblərin əlinə keçib. Onlar, həmçinin ölkənin bütün sərhəd-keçid məntəqələrinə nəzarət edir. İri şəhərlərdən Əfqanıstan hökumətinin nəzarətində yalnız paytaxt Kabil qalıb.

“Taliban” hərəkatı ABŞ və koalisiya qüvvələrinin ölkəni tərk etməsi fonunda bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başlayıb.