Çexiyanın cənub-qərbində yerləşən Domajlits şəhəri rayonunda, Milavçe kəndi yaxınlığında iki sərnişin qatarı toqquşub, ölənlər və yaralananlar var.
YeniAvropa xəbər verir ki, yerli "STK" agentliyinin Çexiyanın nəqliyyat naziri Karel Havliçekə istinadla yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, çox sayda insan yaralanıb.
“50-yə yaxın insan xəsarət alıb. Vəziyyət ciddidir. Mən hadisə yerinə gedirəm”, - deyə Karel Havliçek bildirib.
Yanğından Mühafizə İdarəsinin nümayəndəsi Peter Ponsarın sözlərinə görə, insident nəticəsində 38 sərnişin yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır.
Hadisə yerinə üç tibb helikopteri, onlarla təcili tibbi yardım maşını və çox sayda xilasedici cəlb olunub.
İlkin məlumata görə, faciə qatarlardan birinin semaforun qırmızı işığında keçməsi nəticəsində baş verib. İnsidentin səbəblərini polis ekspertlərinin də daxil olduğu xüsusi komissiya araşdıracaq.