YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Lukaşenko ötən gün ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məmurlarla keçirdiyi toplantıda Tixanovskayanın uşaqları ilə təhdid edildiyi üçün Belarusu tərk etməyə məcbur olduğu haqda iddiaların yalan olduğunu deyib.
Lukaşenkonun bu mövzu haqda danışması Tixanovskayanın Ağ evdə ABŞ prezidenti Cozef Baydenlə görüşündən sonraya təsadüf edib. Müxalifət lideri bir neçə gündür ABŞ-da səfərdədir və daha əvvəl dövlət katibi Entoni Blinken də daxil olmaqla administrasiyanın bir çox üzvləri ilə görüşüb.
Lukaşenko deyib ki, müxalifətçi qadın şəxsən Belarus prezidenti yanında operativ-analitik mərkəzin rəisi Andrey Pavlyuçenkoya müraciət edərək ölkədən çıxışa icazə istəyib və maliyyə yardımı xahiş edib. Lukaşenkonun sözlərinə görə, Tixanovskayaya 15 min dollar veriblər və Litvaya getməyinə imkan yaradıblar. “Və indi o deyir ki, təhdid olunub, uşaqlarını əlindən almaq istəyiblər və daha nələr. Əclaf qadın!”,-Lukaşenko deyib.