logo

İranda koronavirusdan ölənlərin sayı 90 mini ötüb

15:20 30-07-2021 | icon 2800
İranda koronavirusdan ölənlərin sayı 90 mini ötüb

Son 24 saat ərzində İranda 34 min 433 nəfər virusa yoluxub, 292 xəstə isə həyatını itirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, bununla da İranda virusa yoluxanların ümumi sayı 3 milyon 826 min 447 nəfərə, ölənlərin sayı isə 90 min 74-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alan 5 min 296 nəfərin vəziyyəti ağır olaraq qalır. Bu günə kimi müalicə alan 3 milyon 32 min 65 nəfər sağalaraq evə buraxılıb.

Qeyd edək ki, İranda koronavirusun 5-ci dalğası davam edir və virusun “Delta” adlanan növü daha çox yayılıb.

Bu arada, koronavirusla mübarizə çərçivəsində İran alimləri yeni “Razi Kovo Pars” peyvəndi hazırlayıblar. İranın elmi tədqiqat və texnologiya institutunun direktoru Məhəmməd Həsən Mehrabadinin sözlərinə görə, yeni peyvənd artıq kliniki sınaqdan keçirilib.

"Bu, insan orqanizmini koronavirusun bütün növlərindən qorumaq imkanına malikdir. Könüllülər arasında keçirilən sınaqlar onu deməyə əsas verir ki, yeni peyvəndin heç bir əks təsiri yoxdur",-deyən Məhəmməd Həsən Mehrabadinin sözlərinə görə yaxın gələcəkdə peyvəndin kütləvi istehsalına başlanılacaq.