Hindistanda COVID-19 infeksiyasından ölənlərin sayı 400 min nəfəri ötüb.
YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, iyulun 1-də ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 43 min 360 nəfər, ölənlərin sayı isə 796 nəfər təşkil edib.
Saytın məlumatına əsasən, bu günə qədər ölkədə 30 milyon 453 min nəfər koronavirus infeksiyasına yoluxub, 400 min 271 nəfər isə həyatını itirib. Hazırda müalicəsi davam edən 517 min xəstədən 8 min 944 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Eyni zamanda, 29 milyon 536 min nəfər COVID-19 xəstəliyindən sağalıb.
Hindistan COVID-19 infeksiyasına yoluxanların sayına görə ABŞ-dan sonra ikinci, ölənlərin sayına görə isə ABŞ və Braziliyadan sonra üçüncü yeri tutur.
Ölkənin Səhiyyə Nazirliyi əhalinin 24 faizinin (340 milyon nəfərdən çox) vaksinasiyadan keçdiyini, 5 faizinin (61,7 milyon nəfər) isə peyvəndin hər iki dozasını aldığını bildirib.
Qeyd edək ki, ilk dəfə 2019-cu il dekabrın 31-də Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində qeydə alınan COVID-19 infeksiyası qısa müddət ərzində bütün dünyaya yayılıb. 2020-ci il mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.