Ermənistan Müdafiə Nazirliyi hərbi nəzarət xidmətinin sabiq rəisi, keçmiş baş qərargah rəisi general-polkovnik Movses Akopyan dövlət sirrini yaymaq ittihamı ilə açılan cinayət işi üzrə təqsirli bilinərək barəsində həbs qərarı verilib.
YeniAvropa xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb. İstintaq Komitəsinə istinadla yayılan məlumata görə, Akopyan 2020-ci il noyabrın 19-da KİV-ə müsahibəsi zamanı dövlət sirri olan məlumatları ictimailəşdirib. O, silah və hərbi texnikanın uzunmüddətli proqnozları, həmçinin silahlı qüvvələrin, digər qoşunların və mülki müdafiə qüvvələrinin istifadəsi, əməliyyat proqramları barədə məxfi məlumatları açıqlamaqla “Dövlət sirləri sırasına daxil edilmiş məlumatlar siyahısının təsdiq edilməsi haqqında” hökumət qərarının prinsiplərini pozub. Bu səbəbdən Akopyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 306-cı maddəsinin 1-ci bəndinə əsasən cinayət işi açılıb. 2021-ci il iyunun 29-da cinayət işi ibtidai istintaqa nəzarət edən prokurora göndərilib və iyulun 1-də general barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, 2016-2018-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin baş qərargah rəisi olmuş Movses Akopyan 2020-ci ilin noyabrında hərbçiləri baş nazir Nikol Paşinyana itaətsizlik göstərməyə çağıran ilk yüksək rütbəli zabitdir.