İyunun 28-dən iyulun 9-na qədər gündə yalnız 600 səyahətçi Argentinaya giriş edə bilir. Nəticədə minlərlə argentinalı ölkədən kənarda qalıb. Ölkənin əsas aviaşirkəti “Aerolineas Argentinas” iyulun 11-nə planlaşdırılan 90 uçuşdan 59-nu ləğv edib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, sərhədlərin faktiki olaraq bağlanmasını bildirən bu radikal tədbir vasitəsilə ölkə hökuməti Avropada sürətlə yayılan koronavirusun yeni “delta” ştamının yayılmasının qarşısını almağa çalışır.
Argentinanın səhiyyə naziri Karla Vitsotti ölkəyə qayıdanlar tərəfindən məcburi karantinin ciddi şəkildə pozulması səbəbindən girişə nəzarətin artırılmasının tərəfdarı olduğunu bildirib. Hökumətin məlumatına görə, on səyyahdan dördü evdə məcburi təcridetmə həftəsinə əməl etmir və üçüncü COVID-19 testindən keçmirlər. Keçən həftə səlahiyyətli orqanlar karantini pozan şəxslərə qarşı 287 cinayət işinin açılacağını bildiriblər.
Ekspertlər əmindirlər ki, indi tədbirlər görülməsə iki həftədən sonra ölkədə sanitar çöküş olacaq. Argentinanın səhiyyə sistemi artıq bir neçə aydır ki, koronavirusun birinci dalğasından daha təhlükəli olan ikinci dalğası ilə qarşılaşır. Bu bazar ertəsi koronavirus səbəbi ilə Argentinada 18 min 389 yoluxma və 576 ölüm halı qeydə alınıb.