Sabiq prezident Robert Köçəryanın lideri olduğu "Ermənistan” bloku Mərkəzi Seçki Komissiyasına qarşı məhkəmə iddiası qaldırıb.
YeniAvropa erməni KİV-lərinə istinadən bildirir ki, seçki bloku məhkəmənin MSK-nın 19 iyun qərarını qismən etibarsız hesab etməsini və hakim "Vətəndaş müqaviləsi" partiyasına xəbərdarlıq etməsi tələbini irəli sürüb.
Xatırladaq ki, “Ermənistan” bloku 17 iyun tarixində MSK-ya müraciət edərək, seçki kampaniyası dövründə “Vətəndaş müqaviləsi” partiyasının inzibati resurslardan, xüsusən də çox sayda polis işçisindən, xidməti avtomobillərdən, mətbuat xidməti işçilərindən və hətta rəsmi "Facebook" səhifəsindən istifadə etdiyini bildirib.
19 iyun tarixində MSK blokun şikayətini rədd etmək barədə qərar çıxarıb.
Ermənistanda iyunun 20-də növbədənkənar parlament seçkiləri keçirilib. Səsvermənin nəticələrinə görə, Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası səslərin demək olar ki, 54% -ni qazanaraq böyük fərqlə qalib gəlib. "Ermənistan" bloku 21,4%, "Şərəfim var" bloku 5,23% səs alıb. Bu üç qüvvə yeni parlamentdə təmsil olunacaq.